Rusiyanın məşhur finam.ru saytı Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasovun fikirlərini işıqlandırıb. Onun fikirlərinə istinad edən sayt yazır ki, Azərbaycan çoxşaxəli və məhsuldar kənd təsərrüfatının formalaşması üçün əlverişli iqlim şəraitinə malikdir. Kənd təsərrüfatı, eyni zamanda, qeyri-neft ixracının artmasında və idxalın əvəz edilməsində mühüm rol oynayır. Bu potensial ölkə Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyətin ətraflı təhlili əsasında hazırlanmış sənəd olan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Ə.Abbasov bildirib ki, ölkənin kənd təsərrüfatı sahəsində əsas məqsədi məhsuldarlığı artırmaqla bu sahədə rəqabətqabiliyyətliliyi və ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu da innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi üsul və həllərin tətbiq olunmasını, habelə sahəyə investisiyaların cəlb edilməsini tələb edir.İnnovasiya sahəsinə investisiyaları cəlb etmək üçün vacib vasitələrdən biri olan subsidiyalar əkin, suvarma və kənd təsərrüfatının digər sahələrində müasir texnologiyaların tətbiqi üsullarından istifadə edən fermerlərə verilir. 2020-ci ildən bütün bu proses "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi" vasitəsilə həyata keçiriləcək.
“Aqraryönümlü elmi müəssisələrin təminatını gücləndirmək və bu strukturların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində həyata keçirilmiş institusional islahatlar nəticəsində Aqrar Elm və İnnovasiya Mərkəzi yaradılmışdır. Mərkəz, 7 elmi-tədqiqat institutunun, 8 regional aqrar elm və İnnovasiya mərkəzinin və 50-yə yaxın təcrübə stansiyasının fəaliyyətini koordinasiya edir. Mərkəz, aqrar innovasiyaları təbliğ və tətbiq etməklə yanaşı, müntəzəm olaraq fermerlərə innovativ üsulların - yeni suvarma (damcı suvarma, səpmə üsulu, səthi suvarma metodu) və effektiv əkin üsullarının (laydırsız şum, tirəyə səpin, sıfır becərmə, qarışıq əkin, lazer mala və s.) nümayişini keçirir. Müvafiq istehsal texnologiyalarının inkişafı ilə yanaşı, təsərrüfatların idarəetmə sisteminin avtomatlaşdırılması praktikası da təkmilləşdirilir”-deyə Ə.Abbasov bildirib. Azərbaycanda ilk dəfə olaraq, Quba rayonunda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində 15 hektar sahədə bütün proseslərin tam avtomatlaşdırıldığı və kompüterlə idarə olunan “ağıllı bağ” yaradılmasını vurğulayan mərkəzin direktor müavini "Ağıllı bağ"da günəşə, dolu və şaxtaya qarşı qoruyucu sistemin yaradılmasının, məhsul itkisinin qarşısının alınacağını ifadə edib. Bu bağların əsas üstünlükləri məhsuldarlığın 25% daha artıq olması və bağda işləyənlərin sayının minimum olmasıdır. Zərərvericilərə qarşı mübarizə vasitəsi kimi dronların tətbiqi genişlənməkdədir: dronlar çiləyici, video nəzarət rejimi, zəruri portlar və proqram təminatı ilə təchiz edilmişdir.
Ötən ildən başlayaraq mərkəzin təşəbbüsülü ilə keçirilən “AgroX” startap müsabiqəsinə toxunan Ə.Abbasov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı startaplarını stimullaşdırmaq və bu sahədə fəaliyyəti təşviq etməkdədir. 2020-ci ildə kənd təsərrüfatındakı texnoloji yeniliklərə həsr olunmuş “Agrohackathon” müsabiqəsinin keçirilməsi planlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasovun sözlərinə görə, mərkəzin əsas məqsədi kənd təsərrüfatının müxtəlif sahələrində yüksək məhsuldarlığı təmin edəcək daha geniş ərazilərdə pilot layihələrin həyata keçirilməsinə nail olmaqdır.