Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə ECOserve proqramı (Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii ehtiyatların idarə olunması və ekosistem xidmətlərinin qorunması proqramı) çərçivəsində keçirilən “Greenovation” müsabiqəsi yekunlaşıb.
Müsabiqə Cənubi Qafqazda biomüxtəlifliyin qorunması, ekoloji kənd təsərrüfatının inkişafı və ətraf mühitin qorunması məsələlərinə dair mütərəqqi həll yollarının axtarışını özündə ehtiva edir. Azərbaycanda təşkil olunan ideya yarışmasının məqsədi kənd təsərrüfatı sektorunda və təbii resursların idarə olunması zamanı yaranan çətinlikləri müəyyənləşdirmək, təbiətə dost innovativ həllərin yollarını tapmaqdan ibarətdir.
Müsabiqənin final mərəhələsində Nazirliyin nümayəndə heyətinin də daxil olduğu münsiflər heyəti tərəfindən 6 fərqli ideya seçilib və 3 ideya qalib elan olub. Nürəddin Sədilinin təqdim etdiyi “İqlimdən asılı olmayan ağıllı əkinçilik (CISA): balıqçılıqdan davamlı əkinçiliyə”, Laçın Novruzovun “Fermerlərin peşəkar məsləhət mərkəzlərinə rəqəmsal girişinin təşkili” və Elnur Pənahovun “Ağıllı suvarma sistemləri” ilə bağlı layihələri müsabiqədə qalib olub.