Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumudur.
Mərkəzin məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, innovasiya əlçatanlığının təmin olunması, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin və üsulların təşviqi, kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi üzrə metodik və praktik dəstəyin və xidmətin göstərilməsindən ibarətdir.
Mərkəz 12 iyul 2000-ci il tarixdə D-430 nömrə ilə Aqrar Elm Mərkəzi adı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik ediməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Aqrar Elm və İnnovasiya Mərkəzinin adı dəyişdirilərək Aqrar İnnovasiya Mərkəzi adlandırılmışdır.
Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
-
kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə yeni, innovativ ideya, təklif və layihələrin bir mərkəzdə toplanması və koordinasiyası, əldə edilən nəticələrin təhlil edilməsi, özəl və dövlət təsərrüfatlarında tətbiqinin təşkili və təbliği;
-
aqrar sahədə innovasiyaların tətbiqi, müasir texnologiyaların və avadanlıqların istifadəsi ilə bağlı tədbirlərin, eyni zamanda beynəlxalq və kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı məlumatlandırmanın həyata keçirilməsi;
-
aqrar sahədə həyata keçirilən yerli və beynəlxalq layihələrin monitorinqinin, ekspertizasının və qiymətləndirilməsinin aparılmasında iştirak;
-
beynəlxalq layihələrin innovasiya ilə əlaqədar komponentlərinin icrasında iştirak;
-
aqrar sahədə innovativ texnoloji maddi-texniki bazanın yaxşılaşdırılması və elektron informasiya təminatı sistemlərinin fəaliyyətinin əlaqələndirilməsi.