Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin tərəfdaşlığı ilə “Aqrovoltaika” layihəsi çərçivəsində “Azərbaycanda aqrovoltaika texnologiyasının istifadə perspektivləri” mövzusuna həsr edilmiş tədbir keçirilib.
Tədbir çərçivəsində Samux rayonunun Sarıqamış kəndində Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus günəş panelləri olan ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini həyata keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə subnümayəndəliyinin rəhbəri, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəliyi, Türkiyənin Azərbaycandakı səfirinin kənd təsərrüfatı üzrə müşaviri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbə və müəssisələrinin rəhbərliyinin iştirakı ilə səpin sahəsinə baxış keçirilib.
Tədbirdə çıxışlar zamanı beynəlxalq təşkilatın nümayəndələri tərəfindən bu texnologiyanın kənd təsərrüfatına yararlı torpaqları məhdud olan ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini, bəzi ölkələrdə günəş panellərinin altındakı torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilməsi ölkə qanunvericiliyi ilə tənzimləndiyi qeyd edilib.
Aqrar İnnovasiya Mərkəzi tərəfindən sözügedən pilot layihənin əsas məqsədinin vahid sahədə alternativ enerji istehsalının, kənd təsərrüfatı bitkilərinin əkinindən və məhsul istehsalının təşkilindən ibarət olduğu bildirilib.
Qeyd edək ki, günəş panelləri ilə əhatə olunmuş 3 hektarlıq ərazinin 1.2 hektarı panellər altında istifadəsiz qalmış əkinə yararlı torpaq sahəsidir. İlkin mərhələdə aqrotexniki qulluq işləri həyata keçirilmiş panellərarası sahədə noxud, soğan, mətbəx çuğunduru, yerkökü kimi tərəvəzlərin səpini həyata keçirilib. Sonrakı mərhələdə isə şəkər çuğunduru, pomidor, badımcan kimi bir sıra tərəvəz bitkilərinin əkini nəzərdə tutulur.
Layihə çərçivəsində qarşıya qoyulan məqsədə nail olunmasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik, Bitki Mühafizə və Texniki Bitkilər, Əkinçilik Elmi- Tədqiqat İnstitutlarının mütəxəssisləri yaxından iştirak ediblər.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əsas götürərək bu layihənin işğaldan azad edilmiş ərazilərdə tətbiqi nəzərdə tutulur.