Kənd təsərrüfatı sahəsi üzrə innovativ həllərə əsaslanan qabaqcıl texnoloji yeniliklərin tətbiqi, təbliği və təşviqi üzrə metodiki və praktiki dəstəyin göstərilməsi istiqamətində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzi ilə Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzi arasında “Rostok” adlı yeni aqrokimyəvi maddənin ölkədə müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində sınaqlarının keçirilməsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Bitkilərin məhsuldarlığının və stres amillərin təsirinə qarşı davamlılığının artırılmasında, eləcə də böyümə və inkişafının tənzimlənməsində mühüm rol oynayan yeni aqrokimyəvi maddənin sınaqları Kənd Təsərrüfatı Nazirliyininin elmi-tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında 27 hektar sahədə,12 müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində aparılması nəzərdə tutulub.
Sözügedən maddənin Elmi-Tədqiqat İnstitutlarının təcrübə təsərrüfatlarında sınaqdan keçirilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Əkinçilik ET İnstitutunda yeni aqrokimyəvi maddənin müəssisələr arasında bölgüsü keçirilib.
Tədbirdə kənd təsərrüfatı sahəsində yerli və xarici şirkətlərlə həyata keçirilən birgə layihələr, sınağa cəlb ediləcək “Rostok” adlı aqrokimyəvi maddənin kimyəvi tərkibi, istifadə qaydaları, üstünlükləri barədə Aqrar İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən məlumat verilib.
Tədbirin yekununda sınaq məqsədilə Azərbaycana gətirilən yeni aqrokimyəvi maddənin aprel ayının üçüncü ongünlüyündən başlayaraq müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində tətbiq edilməsi ilə bağlı geniş müzakirələr aparılıb.