Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı ilə pilotsuz uçuş aparatlarının aqrar sahədə tətbiqinə dair “Dronlar vasitəsilə multispektral görüntü və bitki örtüyü indeksinin müəyyən edilməsi” pilot layihəsi həyata keçirilir.
Sözügedən layihə üzrə “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin dəvəti əsasında şirkət tərəfindən istehsal olunan “SAPMAZ AG-10” aqro dronların istifadə olunduğu əkin sahələrinə baxılması üçün Aqrar İnnovasiya Mərkəzinin direktor müavini A.Cəfərov Türkiyə Respublikasının Ankara şəhərinə ezam edilib.
Səfəri çərçivəsində A.Cəfərov ilə şirkət rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə şirkət nümayəndələrinin cari ilin 25-29 aprel tarixlərində ölkəmizə səfəri məsələləri müzakirə edilmiş və Aqrar innovasiya festivalı çərçivəsində dronların idarə edilməsi üzrə təlimlərin təşkil olunması barədə razılıq əldə edilmişdir.
Təlim zamanı mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bununla yanaşı bitki örtüyü indeksinin müəyyən edilməsi, həmçinin çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini kimi bir çox istiqamətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təlimlərdə iştirak edəcək şəxslər Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və müvafiq vəsiqə əldə etmək imkanı qazanacaqlar.
Eyni zamanda görüş zamanı sözügedən şirkət və ölkəmizin Mülki Aviasiya Agentliyi arasında bu sahədə əməkdaşlıq istiqamətində fəaliyyətlərin həyata keçirilməsi məsələləri də müzakirə edilib.
Layihənin növbəti mərhələsi olaraq Zirai Mücadele Merkez Araşdırma İnstitutunun mütəxəssislərinin ölkəmizə səfəri nəzərdə tutulur.