Azərbaycan Texnologiya Universiteti (ATU) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qida sənayesi və qida təhlükəsizliyi” forumu keçirilib.
ATU-dan AZƏRTAC-a bildirilib ki, Qəbələ Konserv Zavodunun, “Azgranata” Şirə və Şərab Emalı Zavodunun və “Gama/Orzax” şirkətinin dəstəyi ilə baş tutan 2 bölmədən ibarət forum Gəncədəki Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb, dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib. Bunun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb, bu sahədə qəbul edilən dövlət proqramları uğurla icra olunur. Y.Ömərov çıxışında qida sənayesi və qida təhlükəsizliyinin dünyada mövcud vəziyyətinə və aktual məsələlərinə diqqət çəkib, bölmələrdə aparılacaq müzakirələrin məhsuldar olacağına, qeyd olunan sahələrə töhfə verəcəyinə əminlik ifadə edib.
Açılış tədbirində AMEA-nın Gəncə bölməsinin rəhbəri akademik Fuad Əliyev, YAP-nın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi İbrahim Cəfərov, FAO Azərbaycan Ofisinin nümayəndəsi Elməddin Namazov da çıxış edərək forumun işinə uğurlar arzu ediblər. Forum iki paneldə öz işini davam etdirib.
Xarici mütəxəssislərin, elmi-tədqiqat institutlarının, sənaye müəssisələri təmsilçilərinin qatıldığı forumda qida sənayesi, qida təhlükəsizliyinə aid ən aktual məsələlər, problemlər müzakirə edilib.