AİM Platforması

Siyəzən rayonunda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Siyəzən rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda növbəti toxum sərgi-satış yarmarkası və kredit yarmarkası təşkil edilib.

Festivalda ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış dövlət və özəl bölməni təmsil edən qurum və şirkətlər iştirak ediblər. Yarmarkada sertifikatlı toxumun üstünlükləri barədə fermerlər üçün maarifləndirmə sessiyaları təçkil olunub.

Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rayonlaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olub və gələcək əkinlər üçün öz sifarişlərini veriblər.

Siyəzən rayonundakı festivalda toxum sərgi-satışı ilə yanaşı, festivalların ənənəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri aqrar sahəyə məxsus digər məhsullar, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun məhsullar sərgilənib. Sərgi bölməsində ənənəvi məhsullarla yanaşı alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.

Tədbir zamanı aqrar sahənin prioritet istiqamətləri üzrə fermerlər üçün təlimlər təşkil edilib.

Festivalda “Agro Dairy” MMC-nin baş aqronomu Tacəddin Misirzadə tərəfindən “Toxumçuluğun cari vəziyyəti” mövzusunda toxum istehsalçılarına və fermerlərə təlimlər keçirilib, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Həmçinin festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan Tapdıqlı tərəfindən “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi” mövzusunda təlim keçirilib.

Fermerlər tərəfindən maraqla qarşılanan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran mövzular üzrə məsləhət və tövsiyələr verilib.

Göstərilən platformalarda paylaş: