AİM Platforması

Lənkəran və Lerik rayonlarında Aqrar Biznes Festivalları keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalları davam edir. Növbəti festival Lənkəran və Lerik rayonlarında təşkil olunub.

Festivallarda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsulların sərgiləndiyi festivallara Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarından fermerlər qatılıblar. Lənkəran regional “ASAN xidmət” mərkəzi və Lerik rayon icra hakimiyyəti binasının qarşısında təşkil edilən festivallarda dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar, onlardan istifadə qaydaları barədə məlumat veriblər.

Tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub. Kredit yarmarkalarında bank və bank olmayan kredit təşkilatları tərəfindən müxtəlif sərfəli kredit məhsulları təklif edilib. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim olunub.

Lənkəran və Lerik rayonlarında keçirilən tədbirlərdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən fermerlərə xidmət və məhsullar barədə geniş məlumat verilib.

Sərgi və nümayiş bölməsi ilə yanaşı festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib.

Festivalar çərçivəsində fermerlər üçün “Su həyatdır” layihəsinin təqdimatı olub.

Qeyd edək ki, cari il ərzində respublikanın müxtəlif bölgələrini əhatə etməklə 29 Aqrar Biznes Festivalı keçirilib.

Göstərilən platformalarda paylaş: