Tədbirdə giriş nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev sürətlə dəyişən dünyada rəqəmsallaşmanın önəmindən söz açıb. Rektor müasir dövrdə insanların öz peşəsi ilə yanaşı digər əlavə bilik və bacarıqlara yiyələnməyin əhəmiyyətini vurğulayıb. Anar Nağıyev bu il Azərbaycanın dünyanın ən böyük tədbirlərindən olan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladaraq bu tədbirin mahiyyətinin dünyada sənayeləşmə dövrü başladıqdan sonra ətraf-mühitin çirklənməsi nəticəsində iqlimdə baş verən dəyişiklərin həyatımıza təsirini göstərməkdən ibarət olduğunu bildirib. Çıxışının sonunda A. Nağıyev tələbələri “GreenAgroHack” hakaton layihəsində fəal iştirak etməyə dəvət edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov tələbələrə “GreenAgroHack” hakaton layihəsi barəsində ətraflı məlumat verib. O, bu layihənin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, AzTU və Bilişim Vadisinin təşkilatçılığı və bir sıra Akselarasiya, İnkubaiya Mərkəzinin tərəfdaşlığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili 2024” çərçivəsində 15-17 may 2024-cü il tarixlərində Bakı şəhərində yerləşən Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində baş tutacağını bildirib. A.Cəfərov hakatonda iştirakla bağlı tələbələri qeydiyyat prosesi, yarışın qaydaları ilə tanış edib. Həmçinin A.Cəfərov yarış dövrü ərzində komandaların ekoloji təmiz qida və şirələrlə təmin olunacağını da bildirilib.
SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndəsi Zəhra Əmrahova Mərkəzlə bağlı məlumat verərək strartapların əhəmiyyətindən danışıb və tələbələri hakatonda aktiv iştiraka dəvət edib.
Sonda tələbələrin yarışma ilə bağlı sualları cavablandırılıb.