“GreenAgroHack” hakaton yarışması ilə bağlı növbəti məlumat sessiyası Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib.
Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə keçirilən infosessiyada 15-17 may tarixlərində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” (Caspian Agro) çərçivəsində təşkil ediləcək hakatonla bağlı müzakirələr aparılıb.
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən görüş zamanı elmi işlər üzrə prorektor Azad İbrahimov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, KTN Beynəlxalq Əlaqələr şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli, “FemTech” Akselerasiya Mərkəzinin və SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndələri Gülər Şahidli və İbrahim Süleymanov hakaton barədə ətraflı məlumat verərək, tələbələri hakatonun qeydiyyatında aktiv iştiraka dəvət ediblər.
Çıxış zamanı A. İbrahimov universitetdə həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulmuş istiqamətlər barədə qeyd edərək, gəncləri hakatonda iştiraka səsləyib.
A.Cəfərov hakatonun şərtləri barədə geniş məlumat verərək, tələbələrə öz karyera inkişafları və innovativ ideyalarının reallaşması üçün hakatonun əhəmiyyətli olacağını bildirib.
Həmçinin digər çıxışçılar tələbələri “GreenAgroHack”da aktiv iştiraka səsləyərək, öz tövsiyələrini bildiriblər.
Məlumat sessiyası zamanı tələbələrə hakatonda iştirak üçün ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində) komandalar şəklində qruplaşacağı barədə məlumat verilib.
Həmçinin fərdi müraciət edən şəxslər olduğu halda bütün müraciətlər bitdikdən sonra təşkilat komitəsi tərəfindən 5 nəfərlik komandalar şəklində qrupların formalaşacağı nəzərə çatdırılıb.
Bildiririk ki, hakatonun keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının, ağıllı həllərin hazırlanması, aqrar sahədə innovasiyanın rolu və gənclərin aqrar sahədə həyata keçirilən layihələrə və startap proqramlarına marağının artırılmasıdır.