ADA Universitetinin tələbələri ilə “GreenAgroHack” hakaton yarışması ilə bağlı görüş keçirilib. Görüş zamanı 15-17 may tarixlərində keçiriləcək “Capsian Agro 2024” sərgisində baş tutacaq hakatonla bağlı təqdimat nümayiş olunub. Təşkilat komitəsi tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə keçiriləcək hakatonun əsas məqsədi innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə və gənclər arasında bu sahəyə marağın artırılmasına nail olmaqdır.
Sözügedən yarışmada kənd təsərrüfatının müxtəlif istiqamətləri- ekologiya, meliorasiya, mühəndislik, 3D printer, GİS, Əşyaların İnterneti (İoT), informasiya texnologiyaları sahələri üzrə təhsil alan və maraqlı olan tələbələrin iştirakı nəzərdə tutulmuşdur. Hakatonda hər biri 5 nəfərdən ibarət olan 12 komanda 29 saat 29 dəqiqə 29 saniyə ərzində aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edən tapşırıqlar üzrə ekoloji və ağıllı həllər hazırlayacaqlar.