Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Qusar rayonunda keçirilib. Festival çərçivəsində mövsümün 4-cü toxum sərgi-satış yarmarkası təşkil edilib. Festivala Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarından fermer və toxum istehsalçıları qatılıb.
Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosasiyasının birgə təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun düzgün toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun əhəmiyyəti, əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verilməsinin vacibliyi barədə təqdimatlar olub. Festival çərçivəsində toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonda kənd təsərrüfatı sahəsində görülən işlər barədə məlumat verib, bu festivalların aqrar sahənin inkişafına böyük təkan verdiyini vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov mütəmadi olaraq bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivallarının əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalara əlçatanlığının təmin edilməsi olduğunu bildirib. A.Cəfərov əlavə edib ki, bugünkü festivalda 30-a yaxın toxumçu, 60-dan artıq şirkət öz məhsulları ilə təmsil olunur.
Festivalda çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov ərzaq təhlükəsizliyinin, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan layihələrin verdiyi töhfələrə toxunub. Sədr müavini əlavə edib ki, toxum sərgi-satış yarmarkaları fermer və toxumçular arasında birbaşa əlaqələrin yaradılmasında mühüm rol oynayır.
Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva festivallar çərçivəsində təşkil edilən toxum sərgi-satış yarmarkalarının keçirilməsinin toxum bazarının formalaşmasında rolu barədə danışıb və belə tədbirlərin toxumçuluq sahəsinin inkişafına yönəlmiş mühüm addımlardan biri olduğunu qeyd edib.
Aqrar İnnovasiya Festivallarının ənənəsinə uyğun olaraq tədbir çərçivəsində aqrar sahədə ixtisaslaşmış 60-dan artıq yerli və xarici şirkətlərin iştirakı ilə texnika və texnologiyaların nümayişi keçirilib.
Festival ərzində Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin fəaliyyət istiqamətləri və xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub. Növbəti festival 8 sentyabr tarixində Ağcabədi rayonunda keçiriləcək.