Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov mayın 26-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında Daşkəsən, Göygöl və Samux rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, toxumçuluq, suvarma sistemlərinə güzəştin tətbiq edilməsi, texnika ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazir müavini qəbuldan sonra Daşkəsən DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib.
Daha sonra Elçin Zeynalov rayonun Bayan kəndində yerləşən fermer Rasim Əzizova məxsus arıçılıq təsərrüfatına baş çəkib. Görüşdə arıçılıq sahəsinə dövlət dəstəyi, təsərrüfatların daha da inkişaf etdirilməsi, fermerlərə göstərilən aqrar xidmətlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Göstərilən platformalarda paylaş: