Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, “Bilişim Vadisi” Bakı Mərkəzi, Azərbaycan Texniki Universitetinin təşkilatçılığı və bir sıra İnkubasiya və Akselerasiya Mərkəzlərinin tərəfdaşlığı ilə “GreenAgroHack" hakaton yarışması ilə bağlı görüşlərə start verilib. Hakatonla bağlı tələbələr üçün məlumat sessiyası ilk olaraq Azərbaycan Texniki Universitetində keçirilib.
Bildiririk ki, “GreenAgroHack” 15-17 may 2024-cü il tarixində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində 29 saat 29 dəqiqə 29 saniyə müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllərin tapılması və hazırlanması müsabiqəsidir.
Hakatonunun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının, ağıllı həllərin hazırlanması, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etməkdir.
Qeyd edək ki, hakatonda iştirak üçün ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində) komandalar və ya fərdi şəkildə müraciət etmək olar.Fərdi müraciət edən şəxslər müraciətlər bitdikdən sonra təşkilat komitəsi tərəfindən 5 nəfərlik komandalar şəklində qruplaşdırılacaqdır.
Azərbaycan Texniki Universitetində keçirilən görüş zamanı rektor Vilayət Vəliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “Bilişim Vadisi” Bakı Mərkəzinin direktoru Qamət Kərimov, “FemTech” Akselerasiya Mərkəzinin rəhbəri Nərgiz Əmrəhova hakatonun şərtləri barədə ətraflı məlumat verərək, tələbələri hakatonda iştiraka dəvət ediblər.
Rektor V.Vəliyev hakatonun innovativ yanaşmaları ilə fərqlənən gənclərin istedadlarını, bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından önəmli olduğunu qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru A.Cəfərov gənclərin aqrar sahədə həyata keçirilən layihələrə və startap proqramlarına marağının artırılması məqsədilə keçirilən bu hakatonda bütün universitetlərdən tələbələrin komandalarda iştirakına şərait yaradılacağına və sonda qazanan komandalara mükafatların veriləcəyini vurğulayb.
Q. Kərimov hakatonla bağlı bütün iştirak şərtlərinin təşkilatçı və tərəfdaş qurumlar tərəfindən yaxın günlərdə sosial şəbəkələrdə yayımlanacağını bildirib.
N.Əmrəhova qadınları innovasiyalar və texnologiya dünyasında uğur qazanmağa təşviq etmək, onların karyera inkişafını dəstəkləmək məqsədilə hakatonda fəal iştirak etməyə dəvət edib.
İnfosessiyadan sonra universitetin laboratoriya və emalatxanasına baxış keçirilib.
Qeyd edək ki, silsiləvi olaraq ölkənin digər ali təhsil müəssisələrində “GreenAgroHack” hakaton yarışması ilə bağlı məlumat sessiyaları keçiriləcəkdir.