Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Kənd Qadınları Assosasiyası arasında görüş keçirilib. Görüşdə aqrobiznes təmsilçiləri olan qadınların məşğulluğunun təmin olunması, dəstəklənməsi, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın qrupları barədə müzakirə aparılıb.
Azərbaycan Kənd Qadınları Assosasiyasının sədri Gülbəniz Qənbərova Assosasiyanın gördüyü işlər və layihələrdən bəhs edib. Bölgələrdə fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qruplarının qadınların sahibkarlıq fəaliyyətinə göstərdiyi inkişaf və təkan, həmçinin bu qrupların daha çox qadının işlə təmin olunmasına şərait yaratdığı barədə məlumat verib.
Görüşdə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək göstərilməsi məqsədilə mütəmadi olaraq bölgələrdə təşkil olunan Aqrar İnnovasiya Festivallarında qadın qruplarının təmsil olunması barədə danışıb. Festivallarda qadın sahibkarların hazırladıqları müxtəlif məhsulların nümayişinə və satışına imkan yaradıldığını, eləcə də təsərrüfatlarında mövcud çatışmazlıqların həlli istiqamətində yerli şirkətlərlə əlaqələrin qurulması və tətbiqi ilə bağlı köməklik göstərildiyini vurğulayıb.
Görüşün sonunda qadın sahibkarlığının inkişafı və təşviqi məqsədilə cari ildə bölgələrdə keçiriləcək festivallara daha çox qadın sahibkarın cəlb olunması barədə razılığa gəlinib.