Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən İmişli rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.
Yeni formatda təşkil olunan bu festival sərgi və nümayiş, aqrobiznes görüşləri, panel müzakirələri, startap zonalar, təlim və məlumat sessiyaları olmaqla bir neçə bölmədən ibarət olub.
Festivalın keçirildiyi iqtisadi rayonun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri tərəfindən ziyarət olunan sərgi bölməsində kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları innovativ suvarma texnikaları, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, yeni təşəkkül tapmış yem bitkiləri, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş olunub.
Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilmiş bir sıra startap yarışmaların, müsabiqə və hakatonların iştirakçıları, eləcə də ali təhsil müəssisələri prototipləri, məhsul və həlləri, ixtiraları nümayiş etdiriblər.
Festivalda iştirak edən fermerlərə aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, ağıllı kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, tədbirin keçirildiyi bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumat sessiyaları keçirilib.
Panel müzakirələr zamanı bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması, bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı bu sahədə ixtisaslaşmış iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları bölüşüblər.
Tədbir çərçivəsində həmçinin birgə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində biznes görüşlər keçirilib.