Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində “Yaşıl yem istehsalı kompleksi” layihəsinin icrası əsasında yaşıl yem konteyneri qurğusunun nümayişi keçirilib. Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, qurğunu istehsal edən şirkət və 100-dən artıq fermer iştirak edib.
Təqdimat zamanı heyvandarlıq sahəsində yemə olan tələbatın ödənilməsi məqsədilə bütün növ təsərrüfatlar üçün optimal olan yaşıl yem istehsalı qurğusunun kənd təsərrüfatında əhəmiyyəti və fermerlərə qazandıra biləcəyi imkanlar barədə məlumat verilib. Yem konteyneri ekoloji təmiz hidroponika üsulu ilə heyvandarlıq sahəsi üçün yaşıl yem istehsal edən qurğudur. Yaşıl hidropon yem - heyvanlarda süd, ət və yumurtanın kəmiyyət və keyfiyyətini artırır, eləcə də heyvanlarda immunitet sistemini gücləndirməklə onların bir çox xəstəliyə yoluxma ehtimalını minimuma endirir. Bu sistem vasitəsilə yüksək cücərmə əmsallı dəndən heç bir gübrə tətbiq etmədən təsərrüfatın ölçüsündən asılı olaraq gündəlik minimum 50 kq, maksimum 20 ton yaşıl yem əldə etmək mümkündür. Yaşıl hidropon yem əsas yem kimi heyvandarlıq kompleksində istifadə edilərək il boyu yemlə təmin olunma səviyyəsini əhəmiyyətli dərəcədə artıraraq ət-süd məhsullarının maya dəyərini xeyli azaldacaq. Bu baxımdan yaşıl yemin tətbiqinə qismən və ya tam keçid heyvandarlıq sahəsində ət-süd məhsulları istehsalının həcminin və keyfiyyətinin artırılması üçün səmərəli üsuldur.
Tədbirdə iri və xırdabuynuzlu heyvanlar, həmçinin ev quşlarının yem konteynerində istehsal olunmuş yaşıl yemlə yemlənməsi əyani şəkildə nümayiş olunub. Həmçinin, təqdimat zamanı müxtəlif təyinatlı aqro-robotlar və aqrodronların nümayişi keçirilib.
Yem konteynerinin və digər innovativ qurğuların ölkəmizin bir çox bölgələrində səyyar nümayişinin davam etdirilməsi və növbəti təqdimatın Şəki şəhərində keçirilməsi nəzərdə tutulur.