AİM Platforması

Şəkidə "İnnovasiya Festivalı"

Aqrar sahədə innovasiyaların  təbliği və təşviqi məqsədilə Aqrar İnnovasiya Mərkəzi  tərəfindən Şəkidə innovasiya festivalı keçirilib.

Tədbirdə heyvandarlıq sahəsində yem problemlərinin həlli məqsədilə yaşıl yem konteyneri avadanlığının, maralfalfa, amarant, kinoa bitkilərinin həmçinin aqrodron, aqro-robotların və “Flow Hive” (Axınlı Şan) tipli bal arısı yeşiklərinin təqdimatı keçirilib.

14 region üzrə 150-dən artıq fermerin iştirakı ilə keçirilən tədbirdə kənd təsərrüfatı təyinatlı innovativ texnoloji avadanlıqlar və yem bitkiləri barədə kənd təsərrüfatı məhsul istehsalçılarına məlumat verilib.

Bildirilib ki, heyvandarlıq təsərrüfatlarında xərclərin təqribən 70%-ni yem  xərcləri  tutduğundan  və heyvan sağlamlığının əsasını keyfiyyətli  və qidalı yem təşkil  etdiyindən hər bir fermer iqtisadi cəhətdən səmərəli və yüksək  qidalılıq  dəyərlərinə  malik  yemlərdən  istifadə  etmək arzusundadır. Təsərrüfatlarda ümumi yem istehsalının 30-35%-i yaşıl yem təşkil edir. Lakin bir çox hallarda ilin müxtəlif dövrlərində yaşıl yemin təminatında çətinliklər yaranır. Bu baxımdan müasir dövrdə heyvandarlıq təsərrüfatları üçün ekoloji, təmiz hidroponika üsulu ilə ilboyu yaşıl yem istehsal edən yaşıl yem konteyneri qurğusu xüsusi əhəmiyyətə malikdir.

Qeyd olunan qurğunun əsas məqsədi təzə vegetativ kütlə əldə etməkdir ki, bu kütlə vitamin və bioloji aktiv maddələrlə zəngindir. Belə yemlər qış şəraitində heyvanların tamdəyərli qidalanması üçün vacibdir. Bu sistem vasitəsilə heyvandarlıq təsərrüfatlarının tələblərinə uyğun olaraq istənilən həcmdə yem əldə etmək mümükündür.

Həmçinin bildirilib ki, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində istifadə edilən kimyəvi pestisidlərin minimuma endirilməsində bioloji mübarizə vasitələri başlıca alternativdir. Zərərverici həşəratların cinsi feremonlarından istifadə etməklə tutucuların tətbiqi səmərəli üsullardan biridir. Orqanik məhsul istehsalında  geniş tətbiq edilməsi, məhsulda toksin qalığı yaratmaması, torpağa, suya və canlılara mənfi təsir etməməsi feremonlu tələlərin ekoloji baxımdan üstünlüyünü sübut edir. Feremonlu tutucuların istehsalı ilə kimyəvi pestisidlərin vahid sahəyə düşən miqdarını 25-50%-qədər azaltmaq, istehsal edilən məhsullarda pestisid qalıqları ilə çirklənmənin minimuma endirilməsinə nail olmaqla ixrac potensialının artırılmasına töhfə vermək mümkündür.

Nümayiş olunan qurğulardan “Flow Hive” (Axınlı Şan) tipli bal arısı yeşikləri dünyanın bir çox ölkələrində arıçılar arasında geniş yayılıb. Qeyd olunan innovativ yeşiklərin üstünlüyü arı pətəyinə müdaxilə etmədən xüsusi texnologiyalarla balın süzülməsinin mümkünlüyüdür.  

Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə artıq ənənəvi xarakter daşıyan bu kimi innovativ təqdimatların növbəti nümayişinin Füzuli rayonunda keçirilməsi nəzərdə tutulur.

Göstərilən platformalarda paylaş:

Digər