Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “İdrak Texnoloji Transfer” MMC-nin istehsalı olan hidroponika üsulu ilə “Yaşıl yem istehsalı kompleksi” layihəsinin təqdimatı keçirilib. Fermer və Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mərasimində yem konteyneri və aqro-robot qurğularının nümayişi həyata keçirilib.
Təqdimat zamanı bildirilib ki, kənd təsərrüfatının heyvandarlıq sahəsində yem problemlərinin həlli məqsədilə bütün növ təsərrüfatlar üçün optimal olan yaşıl yem istehsalı qurğusu yaradılmışdır. Bu mobil konteynerler və stasionar kompleksler 7 gün (1 kq əkin materialı 5-9 kq yaşıl yem) müddətində toxumluq dəni yaşıl yemə çevirmək qabiliyyətinə malikdir ki, hidroponika üsulu ilə hazırlanan yaşıl yemin tərkibi vitamin və bioloji aktiv maddələrlə zəngin hesab olunur. Təsərrüfatın ölçüsündən asılı olaraq konteynerdən gündəlik minimum 50 kq, maksimum 20 ton yaşıl yem əldə etmək mümkündür. Qeyd edək ki, heyvandarlıqda müstəqil surətdə yetişdirilmiş dənli və paxlalı bitkilərin toxumlarından alınan yaşıl yemin tətbiqinə qismən keçid, ət-süd məhsulları istehsalının həcminin, onun keyfiyyətinin yaxşılaşdırılması ilə eyni vaxtda artırılması üçün əlverişli üsuldur.
Avtomatlaşdırılmış hidropon yaşıl yem istehsalı kompleksinin təqdimatının ardından kənd təsərrüfatında suvarma, alaq otlarına qarşı mübarizə və məhsul yığımının avtomatlaşdırılması kimi funksional imkanları özündə cəmləşdirən aqro-robotlar nümayiş etdirilib.
Təqdimatı edilən avadanlıq və qurğuların aqrar sahənin inkişafına verəcəyi töhfədən bəhs edən Mərkəzin rəhbərliyi bildirib ki, yaxın günlərdə mobil konteynerlərin ölkənin bir çox bölgələrində nümayişinin keçirilməsi nəzərdə tutulur.