Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Zaqatala rayonunda keçirilib. “Agrarco Fındıq Emalı zavodu”nun ərazisində keçirilən festivalda Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz rayonunun fermerləri iştirakı ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Şəfizadə regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları və digər tabeli qurumları, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış 70-dən artıq yerli və xarici şirkət, eyni zamanda digər dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq stendlərlə təmsil olunublar.
Festival iştirakçıları tərəfindən kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi keçirilib.
Kənd təsərrüfatlı təyinatlı müxtəlif məhsul və texnologiyaların nümayiş olunduğu sərgi, startap zona, təlim, məlumat sessiyaları və panel müzakirələri komponentlərindən təşkil olunmuş festivalda aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə maarifləndirmə işləri həyata keçirilib.
Festival çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) KTN ilə birgə icra etdiyi və hökumət tərəfindən maliyyələşdirilən “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” (HAZER) layihəsinin komponenti üzrə birgə əməkdaşlıq həyata keçirilib. Belə ki, festival çərçivəsində bölgə üçün prioritet olan fındıqçılıq sahəsi üzrə mövcud yeni texnologiyaların əyani nümayişi, həmçinin fındıqçılıqda mexanizasiyanın təşviq edilməsi məqsədilə məhsul yığımından öncə və sonrakı mərhələlər üzrə yerli və beynəlxalq təcrübədə mövcud mexanizasiya və xidmətlərə dair təqdimat nümayiş edilib.
Qeyd edək ki, “HAZER” layihəsinin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflotoksin maddəsinin mövcudluğu riskini azaltmaqla, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltməklə Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrini tətbiq etməkdir.
Festivalda panel müzakirələri zamanı sahənin ixtisaslaşmış mütəxəssisləri tərəfindən “Azərbaycanda fındıqçılığın davamlı inkişafı: çağırışlar, innovasiyalar və həllər”, “Fındığın toplanmasında və emalında müasir avadanlıq və texnikalar”, “Müasir rəqabətə davamlı fındıq bağlarının salınmasının üstünlükləri”, “Fındıqçılıqda biotexnoloji və molekulyar metodlardan istifadənin əhəmiyyəti”, “Fındığın xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri” mövzularında müzakirələr aparılıb.
Festival zamanı Aqrar Təlim Mərkəzinin və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən fermerləri maraqlandıran mövzulara dair məlumat sessiyaları keçirilib.