AİM Platforması

Kürdəmirdə "İnnovasiya Festivalı"

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilin son Aqrar İnnovasiya Festivalı Kürdəmir rayonunda keçirilib.

Festivalda Kürdəmir və ətraf bölgələrdən Sabirabad, İmişli, Zərdab, Ucar, Göyçay, Ağsu, Hacıqabul rayonlarından fermerlər iştirak edib.

Festivalda aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl bölmələri təmsil edən qurum və şirkətlərin nümayəndələri öz məhsul və xidmətlərinin tanıtımını həyata keçiriblər.

Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən ənənəvi məhsullar ilə yanaşı “ağıllı” kənd təsərrüfatı sistemləri, quraqlığa davamlı yeni seleksiya nailiyyətləri, ekoloji sistemə uyğun texnologiyalar və mütərəqqi avadanlıqlar nümayiş olunub. Festivalda yerli şirkətlərlə yanaşı Özbəkistan Respublikasından organik gübrə istehsalçısı və biotexnoloji avadanlıqların istehsalı  eləcə də kənd təsərrüfatı texnikaları üzrə ixtisaslaşan 2 şirkət iştirak edib.

İlin yekun festivalında kənd təsərrüfatı sahəsi üzrə mütərəqqi texnologiyaların tətbiqinin rolu və effektivliyinin nümayişi məqsədilə məhsul istehsalçıları üçün “Rəqəmsal kənd təsərrüfatı biliklərinin artırılması” bölməsi üzrə panel müzakirəsi keçirilib.

Yerli bazarda fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri  tərəfindən sensor panel və ya smartfondan istifadə etməklə suvarmanı idarə etməyə və göstəricilərə nəzarət etməyə imkan yaradan mütərəqqi texnologiyalar, kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyalar, kənd təsərrüfatı sahəsində fermerlərin xidmətlərə əlçatanlığının artırılması məqsədilə yaradılmış mobil tətbiqlər barədə təqdimatlar edilib, qabaqcıl texnologiyaların və təcrübələrin istifadəsinin təşviqi ilə bağlı müzakirələr aparılıb.

Aqrar sahədə rəqəmsallaşmanın kənd təsərrüfatında məhsuldarlığın və xərclərin səmərəliliyini artırmağa, məhsul itkisini və israfını azaltmaqla, iqlim dəyişikliyinə uyğunlaşmanı asanlaşdırmağa və bazar imkanlarını genişləndirmək xidmətləri barədə məhsul istehsalçıları maarifləndirilib.

Festivalın yeni bir bölməsində yüksək iqtisadi gəlir potensialına malik bitkilər sərgilənib və fermerlərə səmərəli yetişdirmə üsullarından və texnologiyalardan istifadə etməklə yüksək gəlir dəyəri olan bitkilərin əkini ilə məşğul olmaqla təsərrüfatın gəlirliliyini bir neçə dəfə artırılmasının mümkünlüyü barədə məlumatlar verilib.

Həmçinin festival çərçivəsində yerli şirkətin mütəxəssisləri tərəfindən təlim keçirilib. Festival zamanı kənd təsərrüfatı sahəsində sahibkarlığın və biznesin, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və intensivləşdirilməsi niyyəti ilə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Aqrar İnnovasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memoranduma əsasən aqrar sahədə qarşılıqlı birgə əməkdaşlığı dəstəkləmək və gücləndirmək, dövlət-özəl münasibətlərində koordinasiyanın, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətləri nəzərdə tutulmuşdur. 

Eyni zamanda festivalın yaratdığı əməkdaşlıq imkanlarından yararlanan iki özəl şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanmış, əməkdaşlığa əsasən kənd təsərrüfatı texnikaları üzərində məsafədən idarəolunan GPS texnologiyaları quraşdırılmışdır.

Festival çərçivəsində arıları “varroa” gənələrindən təmizləyən daha bir qurğu yerli şirkət tərəfindən rayonunun qabaqcıl arıçılarından birinə ianə edilmişdir.

Qeyd edək ki, bu il ərzində 14 rayonda Aqrar İnnovasiya Festivalı keçirilib. 12.000-ə yaxın fermerin iştirak edib faydalandığı bu festivallarda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsul və texnologiyalar sərgilənib, aqrar sahənin prioritet mövzularına dair 50-ə yaxın təlim və məlumat sessiyası keçirilib.

Bildiririk ki, növbəti ildə də festivalların bütün iqtisadi rayonlarda keçirilməsi nəzərdə tutulur.

Göstərilən platformalarda paylaş:

Digər