AİM Platforması

Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması layihəsi çərçivəsində təlimlər keçirilir

Aqrar İnnovasiya Mərkəzi (AİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) birgə “Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması proqramı”nı icra edir. Proqramın əsas məqsədi aqrar innovasiyaların təşviq edilməsi, bu sahədə ideyası və layihəsi olan startup və sahibkarlara təlim və mentorluq xidmətlərinin göstərilməsi vasitəsilə biznes məsləhət xidmətlərinin inkişaf etdirilməsidir. İlkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri, Elmi Tədqiqat İnstitutları, Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Tədqiqatlar Mərkəzi (ATM), “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC və AİM kimi aidiyyəti qurumların seçilmiş 20 nümayəndəsi “Layihələrin idarə edilməsi”, “Sahibkarlıq və startuplar”, “Biznes fəaliyyətləri və maliyyə”, “Təqdimat bacarıqları” mövzuları üzrə hazırlanan təlim paketinə uyğun olaraq Təlimçilərin Təliminə (TOT) cəlb ediləcəkdir. TOT proqramını uğurla başa vurmuş müdavimlər Azərbaycanın müxtəlif iqtisadi zonalarını təmsil edən və AİM-ə təqdim edilən innovativ ideya sahiblərinə təlimçi və mentor kimi dəstək göstərərək onların ideyalarının inkubasiya mərhələsinə daxil olmasına töhfə verəcəkdir. İnkubasiya mərhələsinə daxil olmuş 20 ən yaxşı layihə seçilərək yekun müsabiqədə iştirak etmək şansı qazanacaqdır. “Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması proqramı” Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində həyata keçirilir.

Göstərilən platformalarda paylaş: