Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL “Beynəlxalq Kibertəhlükəsizlik Günü”-nə həsr olunmuş tədbirə ev sahibliyi edib. Tədbirdə texnoloji təkmilləşmənin yarada biləcəyi hədəflər və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edilmişdir.
Tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin bir sıra qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gəlib.
“Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər” başlığı altında təşkil olunan tədbirdə 7 fərqli panel üzrə müzakirələr baş tutub. Yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin məruzələri ilə formalaşan panellər üzrə çıxışlar baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbərliyi də bu forumda çıxış edərək aqrar sahədə məlumatların toplanması, emalı və idarəedilməsi, kənd təsərrüfatında rəqəmsallaşma trendləri və müasir çağırışlar, rəqəmsallaşmanın istehsalçı və istehlakçılara, dövlətə verdiyi faydaları barədə çıxış edib.