AİM Platforması

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunda ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib.

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunda ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib. Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Festivalda kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar nümayiş olunub. Müxtəlif texnika, avadanlıq və kənd təsərrüfatı bitkilərinin nümayiş olunduğu festival sərgi, startap zonalar, dəyirmi masa, təlim və məlumat sessiyalarından ibarət olmaqla təşkil olunub. Festival ərzində fermerləri maraqlandıran bir sıra prioritet məsələlər üzrə məlumat sessiyası və təlimlər keçirilib. “Sitrus meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təşkili”, “Kökəltmə təsərrüfatlarında intensiv yemləmənin təşkili” təlimləri, eləcə də “Kənd təsərrüfatında sığortalanan bitkilər” mövzusunda keçirilən məlumat sessiyasında fermerləri maraqlandırılan suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Həmçinin, festivalda “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin ilkin nəticələrinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib. Dəyirmi masada elmi-tədqiqat institutlarının və aqrar sahənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərlərinin iştirakı ilə çayçılıq, subtropik meyvəçilik və çəltikçiliyin istehsalı və emalı ilə bağlı məsələlər müzakirə edilib.

Festival ərzində regionlarda yaşayan gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə “Kənd təsərrüfatı sahəsində ideya sahiblərinə startap qurmağın əsasları” mövzusunda stimullaşdırıcı “workshoplar” təşkil edilib.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari il ərzində Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli, Şəmkir rayonlarında təşkil olunan festivallarda 4000-dən çox fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiya ilə tanış olmaq imkanı əldə edib.

Göstərilən platformalarda paylaş: