Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları cari ilin 17-21 oktyabr tarixlərində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Tədqiqat və Siyasət Baş İdarəsi (TAGEM) tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı tədqiqatları sahəsində informasiya mübadiləsinin və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində İzmir şəhərində keçirilən beynəlxalq təlimdə iştirak ediblər. Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları və Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycanla yanaşı Moldova, Özbəkistan və Qırğızıstan kimi ölkələrin ayrı-ayrı qurumlarını təmsil edən mütəxəssislər də iştirak edib. Peşəkar mütəxəssislər tərəfindən təlim iştirakçılarına süni intellekt, dəqiq əkinçilik, kənd təsərrüfatında dronlardan və bərpa olunan enerji mənbələrdən istifadənin üstünlükləri, aqrar sahədə sensorlardan və robotlardan istifadəyə dair nəzəri biliklər verməklə yanaşı praktiki dərslər də keçirilib. Daha sonra “Agriculture 4.0” tədris proqramı çərçivəsində keçirilən praktiki dərslər üçün Türkiyənin İzmir və Aydınlı şəhərlərində bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olan bir sıra şirkətlərində olarkən innovativ həllərə əsaslanan texnologiyaların iş prinsipi ilə əyani şəkildə tanış olublar. Təlimin sonuncu günü TAGEM və FAO-nun Türkiyə üzrə ofisinin məsul əməkdaşları tərəfindən təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.