AİM Platforması

Aqrar İnnovasiya Mərkəzi Milli Kulinariya Konqresində iştirak edib

Oktyabrın 24-də Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Milli Kulinariya Konqresi keçirilib.

Milli kulinariyanın və qastroturizminin inkişafına dəstək, yerli istehsalçılar və fermerlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair platformanın yaradılması, həmçinin yerli tərəvəzlərdən istifadə ideyasını təşviq edən “0 km” fəlsəfəsinin təbliği kimi məqsədləri özündə əks etdirən tədbirdə bir sıra yeni məhsulların təqdimatı keçirilib.

Beynəlxalq Kulinariya Günü çərçivəsində baş tutan tədbirdə milli kulinariya nümunələrinin tanıdılması və təbliği istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi adından iştirak edən Mərkəzin rəhbəri Anar Cəfərov Azərbaycanda becərilən yeni növ qida bitkilərinin kulinariyada rolu barədə çıxış edib.

Həmçinin Milli Kulinariya Konqresində Aqrar İnnovasiya Mərkəzi kinoa, çia, kətan toxumu, küncüt, raps, brokkoli kimi bir sıra bitkiçilik, tərəvəzçilik və üzümçülük məhsullarının sərgiləndiyi stend ilə iştirak edib.

Göstərilən platformalarda paylaş: