AİM Platforması

Aqrar İnnovasiya Mərkəzi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında görüş keçirilib.

Aqrar İnnovasiya Mərkəzinin rəhbərliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin direktor müavini və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri arasında potensial əməkdaşlıq imkanlarının müzakirəsi ilə əlaqədar görüş keçirilib.

Görüşdə innovativ kənd təsərrüfatı texnikaları, işğaldan azad olunmuş ərazilərdə icra olunacaq layihələr, elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığın təşkili, aqrar innovasiyaları təşviq edən startap, müsabiqə və yarışmaların keçirilməsi barədə müzakirə aparılıb. Həmçinin görüşdə ölkəmizdə yeni kənd təsərrüfatı texnologiyalarının istifadə olunması və innovativ aqrar yanaşmaların tətbiqi istiqamətində TİKA ilə birgə icra edilən “Dronlar vasitəsilə multispektral görüntü və bitki örtüyü indeksinin müəyyən edilməsi” layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində Türkiyənin “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyən edilməsi, həmçinin çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini kimi bir çox istiqamətlər üzrə keçirilən təlimlər barədə də danışıqlar aparılıb.

Görüşün sonunda TİKA ilə həyata keçiriləcək növbəti layihə barədə müzakirə aparılıb və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılaşdırma əldə olunub.

Göstərilən platformalarda paylaş: