Xəbərlər

Almaniya Süni İntellektin Araşdırılması Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

24.05.2021

Almaniya Süni İntellektin Araşdırılması Mərkəzi və Aqrar İnnovasiya Mərkəzi, Aqrar Tədqiqatlar Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universieti arasında onlayn formatda görüş keçirilib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin təhsil sektorunun müdiri Emin Əliyev aqrar sektorda həyata keçirilən rəqəmsallaşma tədbirləri, “Ağıllı Kənd” konsepsiyası ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verib.
Almaniya Süni İntellektin Araşdırılması Mərkəzinin Ağıllı Kənd Texnologiyaları Mərkəzinin rəhbəri Dr. Stefan Siene Mərkəzin fəaliyyəti və Almaniyada 4-cü sənaye inqilabının aqrar sektora təsiri ilə bağlı təqdimatla çıxış edib.
Daha sonra Aqrar İnnovasiya Mərkəzi, Aqrar Tədqiqatlar Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universietinin mütəxəssislərinin aqrar sektorun müxtəlif sahələri ilə bağlı təqdimatları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Samir Süleymanov öz təqdimatında Mərkəzin fəaliyyəti və qarşıda duran məqsədlərə toxunub. Eyni zamanda, Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələr, gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. Azərbaycan Dövlət Aqrar Universitetin prorektoru Anar Hətəmov ali təhsil müəssisəsinin İnnovasiya Mərkəzi və start up layihələri barədə tədbir iştiraçılarını məlumatlandırıb. Qeyd edilib ki, bu sahəyə yönələn diqqət sayəsində yaxın zamanda aqrar sektor ilə kibernetik və fiziki sistemlərinin sintezi nəticəsində daha yüksək nəticələr əldə etmək mümkün olacaq.
Eyni zamanda, görüşdə gələcəkdə birgə əməkdaşlıq haqqında fikir mübadiləsi də aparılıb. Vurğulanıb ki, növbəti görüşlərdə Azərbaycanla Almaniya tələbə və mütəxəssislərinin aqrar proqramlaşdırma sahəsində birgə əməkdaşlığı, Aqrar sahədə Əşyaların İnterneti (İoT), hakatonların təşkil edilməsi və Big Data analitikası mövzuları barədə müzakirələrin aparılması məqsədəuyğundur.