Üzümçülük və Şərabçılıq ETİ

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

İnstitutun yaranması haqqında məlumat: Üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və tələbi ilə üzüm bağlarının ümumi sahəsi xeyli genişlənmiş, üzüm istehsalının həcmi isə xeyli yüksəlmişdir. H.Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə Respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi, Respublika Nazirlər Sovetinin 12 avqust 1976–cı il tarixli, 269 saylı sərəncamı ilə Azərbaycan Üzümçülük və Şərabçılıq ET İnstitutu yaradılmışdır. İnstitut 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İnstitut Respublikada aparıcı elmi-tədqiqat müəssisələrindən biri olmaqla, fəaliyyəti dövründə üzümçülüyün və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsində böyük rol oynamışdır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə təsdiq olunan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nnın Tədbirlər Planının 2.2.1. bəndinə uyğun olaraq, Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 374 s saylı sərəncamı əsasında Azərbaycan ET Üzümçülük və Şərabçılıq İnstitutunun maddi-texniki bazası gücləndirilmiş, inzibati binasının, laboratoriyasının, anbar və qarajının əsaslı təmiri həyata keçirilmişdir.

Əsas elmi istiqaməti: Azərbaycanda üzümçülük və şərabçılığın müasir tələblər səviyyəsində inkişafını təmin etmək məqsədilə Üzümçülük və Şərabçılıq ET İnstitutunda 1 problem, 10 mövzu üzrə elmi-tədqiqat işləri aparılır.
İnstitutun fəaliyyətini üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanması, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsi, müxtəlif istiqamətlərdə istifadə ediləcək yüksək keyfiyyətli xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılması, üzümün innovativ becərmə texnologiyalarının işlənib hazırlanması, sort və formaların yaxşılaşdırılma proqramlarına cəlb edilməsi, xəstəlik və zərərvericilərə qarşı tətbiq edilən tədbirlər sisteminin təkmilləşdirilməsi, yeni səmərəli mübarizə üsullarının işlənib hazırlanması, müxtəlif pestisidlərin, gübrələrin sınaqdan keçirilməsi və səmərəliliyinin müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən fillokseraya davamlı, fitosanitar və bioloji baxımdan təmiz üzüm tinginin istehsalının elmi əsaslarının işlənib hazırlanması, Beynəlxalq standartların tələblərinə cavab verə biləcək şərabların, şərab distilliyatlarının və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyasının tədqiq edilməsi və istehsalının təkmilləşdirilməsi və elmi nailiyyətlərin, qabaqcıl təcrübənin istehsalata tətbiqinə metodiki köməklik göstərməkdən ibarətdir.

İnstitutunun strukturu: Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə Üzümçülük və Şərabçılıq ET İnstitutunun 8 şöbəsi (Üzümün emalı və şərabın texnologiyası şöbəsi, Üzümün aqrotexnikası şöbəsi, Ampeloqrafiya, seleksiya və tinglik şöbəsi, Üzümçülük və tingçilik şöbəsi, İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi, Təsərrüfat şöbəsi, Hüquq , kadr və kargüzarlığın təşkili şöbəsi, Maliyyə və mühasibat uçotu şöbəsi), 4 laboratoriyası (İnteqrir mübarizə texnologiyaları laboratoriyası, Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyası, Aqrokimya laboratoriyası, Üzümün saxlanması, qurudulması və təkrar emalı laboratoriyası) və Gəncə Təcrübə Stansiyası, Şamaxı Təcrübə Stansiyası və Cəlilabad Dayaq Məntəqəsi məşğul olur. İnstitutda tədqiqat işləri fundamental və tətbiqi istiqamətdə aparılır. İnstitutun əsas eksperimental təcrübə bazası olan Ampeloqrafik kolleksiya bağı (22 hek.), bundan başqa ölkənin müxtəlif aqroekoloji bölgələrində yerləşən 2 təcrübə stansiyası (Gəncə TS, Şamaxı TS) və 1 dayaq məntəqəsi (Cəlilabad DM) fəaliyyət göstərir.

İnstitutun elmi fəaliyyəti: Respublikada üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanması, aborigen və introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm formalarının öyrənilməsi, müxtəlif istiqamətlərdə istifadə edilən yüksək keyfiyyətli, xəstəlik və zərərvericilərə (fillokseraya) davamlı sort və hibridlərin yaradılması, differensial becərmə texnologiyalarının işlənib hazırlanması;
-Beynəlxalq standartların tələblərinə cavab verən şərab, şampan, konyak və digər tünd içkilər, şərab distilyatları, alkoqolsuz üzüm məhsulları və Azərbaycana məxsus brendlərin istehsal texnologiyasının tədqiq edilməsi və təkmilləşdirilməsi;
-Ekoloji təmiz kişmiş və mövüc istehsalı üçün yüksək tezlikli avadanlığın tətbiqi ilə süni qurutma texnologiyasının təkmilləşdirilməsi;
-Üzümün təzə halda istifadə müddətinin uzadılması məqsədilə soyuducularda uzun müddət saxlanma texnologiyasının yerli şəraitə uyğun işlənib hazırlanması;
-Üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı mühafizə sisteminin təkmilləşdirilməsi, yeni pestisidlərin sınağının aparılması;
-Yüksək keyfiyyət göstəricilərinə malik tez və gec yetişən, xəstəliyə və şaxtaya davamlı yeni üzüm sortlarının yaradılması və öyrənilməsi;
-Respublikada üzümün genetik ehtiyatlarının öyrənilməsi, toplanması, qiymətləndirilməsi və davamlı istifadəsi;
-Regionlar üzrə üzümün becərmə texnologiyalarının işlənib hazırlanması, optimal yük normasının müəyyənləşdirilərək məhsuldarlığa və şərabın keyfiyətinə təsir edən amillərin öyrənilməsi;
-Azərbaycanda yetişdirilən üzüm sortlarının aqrobioloji və təsərrüfat- texnoloji xüsusiyyətləri ilə istehsal olunan şərabların fiziki, kimyəvi, orqanoleptik göstəriciləri arasında əlaqələrin öyrənilməsi;
-Dövlət reyestrinə daxil edilmiş üzüm sortlarının calaqaltı və calaqüstü kombinasiyalarının affinitet xüsusiyyətlərinin öyrənilməsi, calaq əkin materiallarının istehsal üsullarının təkmilləşdirilməsi.

Ünvan: AZ 0118. Abşeron rayon Mehdiabad qəsəbəsi
Telefon: (+99412) 343-13-31
Fax: (+99412) 343-16-30
E-mail: azvino76@gmail.com
Veb-sayt: http://www.wine-grape.gov.az