Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı, Təhsil Nazirliyinin SABAH icra Komitəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH Mərkəzinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf: Problemlər və Perspektivlər-2022” mövzusuna həsr edilmiş tələbə və məzunların III beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib.
Konfrans çərçivəsində iştirakçı tərəflər arasında elm və təhsildə dayanıqlı inkişafın zərurəti və bu sahədə görülən işlər barədə müzakirələr aparılıb.
Konfransda iştirak edən Aqrar İnnovasiya Mərkəzinin rəhbəri iqtisadiyyatın və istehsalın özəyinin kənd təsərrüfatı sektoru ilə bağlı olması və bu baxımdan dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün kənd təsərrüfatı sahəsinin innovativ və dayanıqlı texnologiyalara əsaslanaraq inkişaf etməsi barədə çıxış edib.
Çıxışı zamanı Ə.Abbasov aqrar sahədə ağıllı əkinçiliyin, dəqiq kənd təsərrüfatının ölkəmizdə ərzaq təhlükəsizliyi və iqtisadiyyatın dayanıqlılığı üçün xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb.
Qeyd edək ki, dayanıqlı inkişafa həsr olunan konfrans çərçivəsində Aqrar İnnovasiya Mərkəzi tərəfindən “Aqrar sahədə innovasiyaların təşviqi mexanizmləri” adlı tezis müsabiqəsi keçirilib. Müsabiqə çərçivəsində 3 ən yaxşı tədqiqat işi qalib seçilib və qaliblər mükafatlandırılıb.