AİM Platforması

Aqrar innovasiya festivalının növbəti nümayişi Ucar rayonunda keçirilib

Ucarda Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti innovasiya festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, “Aqroservis” ASC, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Aqrar Sığorta Fondu, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi  və bir sıra yerli şirkətlər öz məhsul və innovativ texnologiyalarını nümayiş etdirib.

Ucar DAİM-in ərazisində təşkil olunan festivalda Elmi-Tədqiqat İnstitutları tərəfindən intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və bir sıra kənd təsərrüfatı texnikalarının təqdimatı olub. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.

Həmçinin festivalda yerli şirkətlər tərəfindən kənd təsərrüfatının intensiv inkişafına təkan verə biləcək müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi keçirilib.

Tədbirdə iştirak edən fermerlər modul tipli istixananın işlək imitasiya modeli, ipəkqurdu yumurtasının inkubasiyası qurğusu, buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu, innovativ suvarma metodları, tarla suvarma çiləyiciləri, alternativ enerji mənbələri ilə çalışan su nasosları, sublimator, smart arı yeşiyi, müxtəlif növ gübrə və pestisidlər, həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri ilə tanış olublar.

Mərkəzin təşkilatçılığı ilə innovasiya festivalının növbəti nümayişinin Ağdam rayonunda keçirilməsi nəzərdə tutulur.

Göstərilən platformalarda paylaş:

Digər